Sentyabrın 3-də gənclər və idman naziri Fərid Qayıbov “Azərbaycan-Türkiyə gənclərinin mübadilə proqramı” çərçivəsində ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib. Nazir iki qardaş ölkə gəncləri arasındakı dostluq münasibətlərinin dərinləşməsinə töhfə verən bu proqramların əhəmiyyətini vurğulayıb, türkiyəli gənclərin suallarını cavablandırıb.
“Tehsil365” xəbər verir ki, görüşdə Türkiyənin müxtəlif şəhərlərindən gələn gənclər öz fəaliyyətləri, həyata keçirilən layihələrdə iştirakları, qazandıqları təcrübələr barədə məlumat veriblər.
Qeyd edək ki, bu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin gənclər sahəsində həyata keçirdiyi növbəti beynəlxalq mübadilə proqramıdır. Proqram çərçivəsində Türkiyənin gənclərdən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir. Qonaqlar Bakı şəhərində fəaliyyət göstərən Gənclər Evləri və Gənclərin Resurs Mərkəzində təşkilatların fəaliyyəti ilə yaxından tanış olub, həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna səfər ediblər. Nümayəndə heyəti Bakıda bir sıra görüşlərdən sonra Gəncə şəhərinə yollanacaq.

