Şumerlər qədim Mesopotamiyada formalaşan ilk sivilizasiyalardan biri olmuşdur. Onların mədəni irsi yazı və dini rituallarla dünya tarixində xüsusi yer tutur. E.ə. IV minilliyin sonlarında yaranan ilk yazı sistemi əvvəlcə piktogramlardan ibarət idi. Bu şəkillər əşyaları və anlayışları sadə təsvirlərlə ifadə edirdi. Daha sonra yazı forması tədricən inkişaf edərək mixi yazıya çevrildi. Mixi yazı gil lövhələr üzərində xüsusi alətlə yazılırdı.
“Tehsil365”in araşdırmasına görə, əvvəlcə yalnız təsərrüfat işlərinin uçotu üçün istifadə edilən bu yazı, zamanla dini mətnlərin, ədəbiyyat nümunələrinin və hüquqi sənədlərin qeydinə də xidmət etməyə başladı. Beləliklə, yazı sistemi dövlət idarəçiliyinin möhkəmlənməsində və mədəniyyətin qorunmasında mühüm rol oynadı.
Şumerlərin dini inancları politeist xarakter daşıyırdı. Onlar kainatın müxtəlif tanrılar tərəfindən idarə olunduğuna inanırdılar. Göy tanrısı Anu ali qüvvə sayılırdı. Enlil küləyin və fırtınaların, Enki suyun və hikmətin, İnanna isə məhəbbət, məhsuldarlıq və müharibənin tanrıçası idi. Hər bir tanrının özünəməxsus məbədi və kultu mövcud idi.
Şumer dini həyatının mərkəzində zigqurat adlanan məbədlər dayanırdı. Zigquratlar həm ibadət yeri, həm də iqtisadi və inzibati mərkəz funksiyasını daşıyırdı. Burada kahinlər həm dini ayinləri icra edir, həm də dövlət işlərinə nəzarət edirdilər. Tanrıların razılığını qazanmaq üçün heyvan, məhsul və qida qurbanları təqdim edilirdi. Kahinlər həmçinin göy cismlərinin hərəkətlərini izləyir və ulduzların vəziyyətinə əsaslanaraq xalq üçün mühüm qərarlar qəbul edirdilər.
Mifoloji mətnlərə əsaslanan mərasimlər də geniş yayılmışdı. Məsələn, İnannanın yeraltı dünyaya enməsi ilə bağlı mif məhsuldarlıq və təbiətin dəyişən dövrləri ilə əlaqələndirilirdi. Şumerlərdə dəfn mərasimləri də xüsusi önəm daşıyırdı. Onlar ölülərin ruhunun qorunması üçün dualar oxuyur, məzarlara gündəlik həyatda lazım ola biləcək əşyalar qoyurdular.
Nəticə etibarilə, Şumerlərin yazı sistemi və ritualları bəşər tarixində dönüş nöqtəsi oldu. Yazı vasitəsilə mədəniyyət, ədəbiyyat və dövlət idarəçiliyi sistemləşdi, dini rituallar isə insanların həm mənəvi dünyasında, həm də ictimai həyatında nizamı təmin etdi. Bu səbəbdən, Şumerlərin mirası yalnız Mesopotamiyanın deyil, bütün bəşəriyyətin mədəni inkişafına böyük təsir göstərdi.