Əhməd Cavad Azərbaycan ədəbiyyatının tanınmış şairlərindən biridir.Bir neçə tanınmış şeirləri vardır ki,onlardan biri də “Şükriyyə üçün” şeiridir.Əhməd Cavadın “Şükriyyə üçün” şeiri ata məhəbbətinin və övlad qayğısının nümunəsidir. Şair burada qızına olan sevgisini və onun gələcəyi üçün ümidlərini səmimi dillə ifadə edir. Şeirin ruhu sevgi, mərhəmət və saf duyğularla doludur. Bu misralar həm yaradıcılığının humanist yönünü göstərir, həm də oxucuda dərin təsir buraxır.”Tehsil365” həmin şeiri təqdim edir.
Şükriyyə üçün
Bir gülsən, dərmişəm gənclik bağından,
Bir gülü, çiçəyi dərmərəm sənsiz.
Kam aldım ömrümün oğlan çağından,
Bir bağa, bağçaya girmərəm sənsiz.
…
Söylə yadındamı Çakva, Batumi?
Ovladın könlümü, çaldın ruhumu!
Kamana dönmüşdü qəlbimin simi,
Hurini, mələyi görmərəm sənsiz!
…
Nə çoxdur dünyada qənirsiz pəri,
Gözümə görünməz daha heç biri!
O qızıl saçları, ipək telləri
Əl atıb birini hörmərəm sənsiz.
…
Məndən xoşbəxt varmı dünyada, deyin?!
Ey telli yavrusu Süleyman bəyin!
Bəxtim tərlan imiş: yeyindən yeyin!
Heç kəsə bu bəxti vermərəm sənsiz!
…
Səninlə gəzərəm eldən-elə mən,
Bataram, çıxaram seldən-selə mən.
Düşsəm də ağıza, dildən-dilə mən,
Yaşaya bilmərəm bir kərəm sənsiz!
…
Sonatək göllərdə üzsən də mənsiz,
Quş olub göylərdə süzsən də mənsiz,
Sən Əsli qalsan da, dözsən də mənsiz,
Alışıb yanaram mən Kərəm sənsiz!
…
Şükriyyə taleyim, şükür xudaya!
Gördüyüm doğrumu, yoxsa pək röya?!
Dolub ürayimə bu dadlı xülya,
Şirin günlərimi sürmərəm sənsiz!
…
Əvət, bu sevdanın səfası çoxdur,
Sevdasız həyatın mənası yoxdur!
Gözlərin yıldızdır, kipriyin oxdur,
Ürək qubar olar - can verəm sənsiz...
…
Şerimin özüsən, sözü - ahəngi!
Üzündə bərq vurur güllərin rəngi!
Xəyalın, cəmalın gözəl çələngi!
İlham yetim qalar, ağıl kəm sənsiz!

