Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrini açıqlayıb.
“Tehsil365” xəbər verir ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 22237 nəfər ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan yerlərinə 246 nəfər (o cümlədən 126 subbakalavr) qəbul olunub. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 15662 nəfər qəbul edilib. Bu göstərici plan yerlərinin 98.66 faizinin dolduğunu göstərir, 212 yer (1.34 faiz) isə vakant qalıb.
Orta ixtisas təhsili müəssisələrinə qəbul nəticələri belədir:
Xüsusi qabiliyyət imtahanı tələb etməyən ixtisaslar: 14928 yer planlanmış, 14927 nəfər qəbul olunub (99.99%), vakant yer sayı 1 (0.01%).
Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslar: 931 yer planlanmış, 720 nəfər qəbul olunub (77.34%), vakant yer sayı 211 (22.66%).
Qəbul olanların siyahısı sentyabrın 4-də “Abituriyent” jurnalının elektron formatda 8-ci və 9-cu saylarında təqdim olunacaq.
Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) 9 – 15 sentyabr, orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar isə 9 – 17 sentyabr tarixlərində saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat müddətində iştirak etməyən abituriyentlər müvafiq ixtisasa yerləşdirilmədən imtina etmiş sayılacaq və onların qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi barədə məlumat isə qeydiyyat prosesi başa çatdıqdan sonra açıqlanacaq.