Qədim Gəncədə dünyaya gəlmiş Azərbaycan şairi Nizami Gəncəvi ömrünün böyük hissəsini bu şəhərdə keçirmişdir. O, təhsilini Gəncə mədrəsələrində almış, ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir. Təvazökar, əməksevər və insani ləyaqət sahibi olan şair başqalarına da belə olmağı tövsiyə edirdi.”Tehsil365” ətraflı məlumatı təqdim edir.
Nizaminin lirik şeirlərində zülmə, haqsızlığa və ədalətsizliyə qarşı dərin etiraz duyulur. O, məşhur “Xəmsə” (“Beşlik”) silsiləsinin – “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarının müəllifidir. Sonrakı əsrlərdə bir çox şərq şairləri Nizaminin təsiri ilə öz “Xəmsə”lərini yaratmışdır.
Şairin “Nuşirəvan və bayquşların söhbəti”, “Sultan Səncər və qarı”, “Ağıllı çoban”, “Şah və xidmətçi”, “Xeyir və Şər” kimi mənzum hekayələri də məşhurdur. O, əsərlərində mərdlik və cəsarəti uca tutaraq “mərd olmaq yaxşıdır dünyada hər an, mərdlik ilə çatar arzuya insan” deyə vurğulamışdır.
Xalqımız Nizaminin xatirəsini daim əziz tutur. Bakıda və Gəncədə onun abidələri ucaldılıb. 1947-ci ildə Gəncə yaxınlığında Nizami məqbərəsi inşa olunmuş, 1991-ci ildə isə yenidən qurularaq 20 metr hündürlüyündə möhtəşəm kompleksə çevrilmişdir. Məqbərə ətrafında park salınıb, burada şairin yaradıcılığına həsr edilmiş tunc abidə də yerləşir.
2012-ci ildə isə Heydər Əliyev Fondunun dəstəyi ilə Roma şəhərindəki “Villa Borghese” parkında Nizami Gəncəvinin abidəsi açılmışdır.