Sentyabrın 4-də Bakı şəhəri üzrə təhsil işçilərinin sentyabr konfransı baş tutub.
“Tehsil365” xəbər verir ki, konfransda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, MÜTDA-nın və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfrans iştirakçılarını salamlayan MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova yeni dərs ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib. 2024-2025-ci tədris ilində idarənin tabeliyindəki təhsil müəssisələrinin fəaliyyət istiqamətləri üzrə gördüyü işlər haqqında hesabat məruzəsi ilə çıxış edən N.Hüseynova əldə olunan nəticələrin müqayisəli təhlilini diqqətə çatdırıb.