Azərbaycanda məktəb təhsili dünyəvilik prinsipi üzərində qurulub və dərslərdə dini mövzulara toxunmaq qadağandır. Buna baxmayaraq, uşaqların mənəvi tərbiyəsi və dünyagörüşünün formalaşmasında dinin rolu böyükdür.
Təhsil eksperti İlham Əhmədov “Tehsil365”ə verdiyi açıqlmasında bildirir ki, müəllimlərin şəxsi dini inanclarını dərs prosesinə qatması məsələsi diqqətə layiqdir. Azərbaycanda təhsil dünyəvilik prinsipi üzərində qurulduğuna görə dərslərdə dini mövzulara toxunmaq qadağandır. Lakin şagirdlərin mənəvi və dünyagörüşünün formalaşmasında din və ilahiyyat elminin rolu böyükdür.
“Şagirdlər bu sahədə hansısa formada maariflənməlidir. Əgər maariflənməzlərsə, onlar daha tez təsir altına düşür və gələcəkdə müxtəlif təriqətlərə qoşulurlar. Bu mənada müəyyən bir ortaq variant tapılmalıdır. Dərsdənkənar məşğələlərdə onlara İslam dini və onun əsasları barədə məlumat vermək lazımdır. Onlar özləri də Quran, İslam tarixi, hədislər və hədis elminin əsasları ilə tanış olmalıdırlar. İnsan dində əsas biliklərlə zəngin olmalıdır, çünki elm və ilahiyyat bir-birini tamamlayır” – deyə ekspert vurğulayıb.
O bildirib ki, bəzi ölkələrdə, o cümlədən Türkiyədə, dinin əsasları fənn kimi tədris olunur. Azərbaycanda isə 90-cı illərin sonu və 2000-ci illərin əvvəllərində məktəblərdə “Mənəviyyat” adlı kitab tədris edilirdi. İlham Əhmədov hesab edir ki, belə bir dərsliyin yenidən hazırlanaraq məktəblərdə tədris olunmasına ehtiyac var:
“Bu gün gənclərin mənəvi tərbiyəsi ilə xüsusi məşğul olmaq lazımdır. Sosial şəbəkələr, televiziya və seriallar çox vaxt uşaqlara mənfi təsir göstərir. Ona görə məktəbdə həftədə bir dəfə ‘Mənəviyyat’ kitabı nümunəsində dərs keçirilməlidir. Mənəviyyat islam əxlaqı, mədəniyyəti, tarixi və davranış qaydaları ilə sıx bağlıdır və gənclərin tərbiyəsində mühüm rol oynayır. Biz tam şəkildə ondan üz döndərə bilmərik. 90-cı illərdə bu məsələlərə diqqət göstərilmədi və nəticədə bir çox azərbaycanlı xristianlığı qəbul etdi. Türk milləti islam dini ilə bir yerdə olanda güclü olur. Təlim və tərbiyəmiz də bu əsaslara müəyyən qədər söykənməlidir”.