Seyid Əzim Şirvani XIX əsrin görkəmli Azərbaycan şairi, pedaqoqu və maarifçisidir. O, ədəbi mühitdə maarifçilik ideyalarını yaymış, gənc nəslin elmə və təhsilə yönəlməsinə çalışmışdır. Şairin əsərlərində cəhalətə qarşı mübarizə, elm və bilik tərənnüm olunmuşdur. Seyid Əzim Şirvani həm də "Məclisi-üns" ədəbi məclisinin rəhbərlərindən biri olmuşdur.”Tehsil365” Seyid Əzim Şirvani yaradıcılığından nümunə təqdim edir.
Qafqaz müsəlmanlarına xitab
Əssəlam, ey əhaliyi Qafqaz,
Ey rəisani-sahibül-ezaz!
…
Əssəlam, ey güruhi-xeyr-əsər,
Millətin qeyrətin çəkən kəslər!
…
…Dadü fəryad, ey güruhi-izam,
Oldu zaye bu milləti-islam.
…
Günü-gündən zəlilü xar oluruq,
Möhnətü qüssəyə düçar oluruq.
…
Bu qədər dərd kim olur hadis,
Ona bielmlik olur bais.
…
Bir bəladır bu dərdi-nadani,
Ki, onun elm olubdu dərmani.
…
Bu təəccübdür, ey güruhi-bəşər,
Bir kişi yatsa, naxoş olsa, əgər,
…
Axtarır bir təbibi-danadil,
Ta ki səhhət ola ona hasil.
…
İndi naxoşdu milləti-islam,
Ona lazımdır eyləmək əncam.
…
Dərdimizdir bu dərdi-nadanlıq
Ki, tutubdur bizi pərişanlıq.
…
Qeyrilər etdilər tərəqqiyi-tam,
Qaldı zillətdə firqeyi-islam.
…
Hər vilayətdə var beş-on kəsəbə,
Əlli min seyyidü axund, tələbə.
…
Əlli dərviş, əlli mərsiyəxan,
Hamının sözləri tamam yalan.
…
Əlli min suxtə, əlli min sail,
Əlli min hoqqabazi-naqabil.
…
Hamının fikri xalqı soymaqdır,
Quru yerdə bu xalqı qoymaqdır.
…
Xalqa bunlar hamı qurublar dam,
Bir bunu anlamır bu qövmi-avam.
…
Bizə qeyrilər eyləyir töhmət,
Çün tərəqqi edibdir hər millət.
…
Gərçi var iş qanan kişi tək-tək,
Əksəri-xalq avamdır bişək.
…
…Bilmirik biz hədis mənasın,
Qanmırıq əhli-şər fitvasın.
…
Bixəbər olmuşuq şəriətdən,
Başımız çıxmır elmi-hikmətdən.
…
Kəsb üçün Həzrəti-Rəsulüllah,
Dedi: "Əlkasibü həbibüllah".
…
…Ziynəti-şəxs elmi-ürfandır,
Elmsiz şəxs misli-heyvandır.
…
…Çünki var idi bizdə nadanlıq,
Bizə üz verdi çox pərişanlıq.