Aşıq Ələsgər XIX əsr Azərbaycan aşıq ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. O, 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Aşıq Ələsgər saz və söz sənətində ustad sayılır, qoşma, gəraylı, təcnis kimi janrlarda çoxlu əsərlər yaratmışdır. Onun şeirlərində məhəbbət, təbiət gözəllikləri, vətən sevgisi və insanın mənəvi dəyərləri tərənnüm olunur. Aşıq Ələsgərin irsi bu gün də Azərbaycan aşıq sənətinin əsas qaynaqlarından biridir.”Tehsil365” Aşıq Ələsgər yaradıcılığından nümunə təqdim edir.
Dağlar
Bir ay yarım nobahardan keçəndə,
Car olur köksündən sellərin, dağlar!
Çalxanır sonalar, çığrışır qazlar,
Zəm-zəm zümzüməli göllərin, dağlar!
…
Hanı mən gördüyüm qurğu-büsatlar!?
Dərdməndlər görsə, tez bağrı çatlar;
Mələşmir sürülər, kişnəşmir atlar,
Niyə pərişandı halların, dağlar?!
…
Hanı bu yaylaqda yaylayan ellər!?
Görəndə gözümdən car oldu sellər.
Seyr etmir köksündə türfə gözəllər,
Sancılmır buxağa gullərin, dağlar!
…
Hanı mərd iyidlər, boş qalıb yurdu!?'
Səxavətdə Eldar nur-alə-nurdu.
Erkək kəsib, ağır məclis qururdu,
Şülən çəkilirdi malların, dağlar!
…
Gözəllər çeşməndən götürmür abı,
Dad verə dəhanda Kövsər şərabı.
Xaçpərəstlə düşdü Bund inqilabı,
Onunçün bağlandı yolların, dağlar!
…
Sarınərdən top-tüfəngin atılır,
Qısır Murğuz Şah-dağına çatılır.
Bir əmliyin bir tümənə satılır,
Xəzəl olur yenə pülların, dağlar!
…
Kəpəz, Murov, Qonur - gör neçə dağ var…
Üstünə nur yağsın, ay dəli Qoşqar!
Yayın orta ayında yağdırırsan qar,
Səf çəkib üstündə salların, dağlar!
…
Elə ki, şər gəldi, qaraltdı qaşı,
Dumana qərq olur dağların başı.
Düşəndə gürg ilə kəlbin savaşı,
Uzun çəkir qiylü-qalların, dağlar!
…
Halıyam Eldarın var cümləsindən,
Gecə yatmır bir-birinin bəhsindən.
İyid nərəsindən, güllə səsindən
Dəyməmiş tökülür kalların, dağlar!
…
Həsənnənə, Həsənbaba qoşadı,
Xaşbulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!