Hazırda ölkə ərazisində 1669 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkə üzrə 109 550 uşaq məktəbəqədər təhsilə cəlb edilib. Ölkəmizdə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi hazırda 38.2 faiz təşkil edir. Bu göstəricinin 50 faizə çatdırılması hədəflənir.
“Tehsil365” xəbər verir ki, hazırda ölkədə 109 550 uşaq məktəbəqədər təhsil alır.
2024-cü ildə yeni tikilən 14 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Cari il ərzində 5 məktəbəqədər təhsil müəssisəsi isə əsaslı təmir olunub. 2025-ci ilin yanvar ayından etibarən 11 bağçanın (2-si açılıb, 9 bağçanın açılması planlaşdırılır:ümumi tutumu - 900 yer) fəaliyyətə başlaması nəzərdə tutulub.
Məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri
Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsinə dəstək məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən “2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi həyata keçirilir. Müsabiqəyə 205 layihə təqdim edilib və onlardan 188-i qrant qazanıb. Müsabiqə çərçivəsində 188 mərkəzdə 341 icma əsaslı qrup təşkil edilib. Hazırda bu qruplara 4800-dən çox məktəbəqədər yaşlı uşaq cəlb olunub. Bu uşaqların təlim-tərbiyəsi ilə təxminən 300 nəfər tərbiyəçi-müəllim məşğul olmaqdadır.
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın məqsədlərinə nail olunmasını təmin etmək məqsədilə dövlət-özəl əməkdaşlığı modeli ilə əlaqədar olaraq məktəbəqədər təhsilin əhatəliliyinin artırılması istiqamətində “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” elan edilib. Müsabiqənin məqsədi 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsilə maliyyələşdirməkdir. Müsabiqəyə müraciət edən 42 özəl məktəbəqədər təhsil müəssisəsindən hazırda 24-də 1200-dən çox uşaq təhsil almaqdadır.
“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində 886 mərkəzdə (ümumi təhsil müəssisəsində) 1177 icma əsaslı qrup təşkil edilib. Hazırda bu qruplara 18 300 nəfər 3-4 yaşlı uşaq cəlb olunub. Bu uşaqların təlim-tərbiyəsi ilə 1046 tərbiyəçi-müəllim məşğul olur.
Məktəbəqədər təhsildə kadr potensialının yaxşılaşdırılması
Son 3 il ərzində məktəbəqədər təhsil müəssisələrinə 800-ə yaxın tərbiyəçi-müəllim, 81 nəfər direktor təyin olunub. İndiyədək məktəbəqədər təhsil üzrə kadr potensialının yaxşılaşdırılması məqsədilə 10 000-ə yaxın pedaqoji heyət üçün ixtisasartırma təlimləri təşkil edilib.
Məktəbəqədər təhsil müəssisələrində qida monitorinqi
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən Bakı və regionlarda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin 3200-ə yaxın direktor, aşpaz və aşpaz köməkçiləri üçün təlimlər keçirilib. 900 müəssisədə qida və infrastruktur üzrə monitorinqlər aparılıb və laboratoriya qiymətləndirmələri həyata keçirilib.
Pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi
2024-cü ildə məktəbəqədər təhsil müəssisələrində çalışan 11 218 nəfər tərbiyəçi-müəllimin ilk dəfə diaqnostik qiymətləndirilməsi keçirilib.
1 nəfər tərbiyəçi-müəllim maksimum 60 bal toplayıb.
50 baldan yuxarı toplayanların sayı – 324 nəfər (2.9%)
46 baldan 51 bala qədər – 911 nəfər (8.1%)
41 baldan 46 bala qədər – 1380 nəfər (12.3%)
36 baldan 41 bala qədər – 1624 nəfər (14.5%)
30 baldan 36 bala qədər – 2002 nəfər (17.8%)
30 baldan aşağı toplayanların sayı – 4977 nəfər (44.4%)
Metodistlərin təyinatı
Məktəbəqədər təhsil müəssisələrinə metodistlərin işə qəbulu üzrə müsabiqədə 40 nəfər uğur qazanıb, onlardan 20 nəfər təyinat alıb.
1 704 065 təhsilalan
2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 704 065 nəfər təşkil edib. 134 600 uşaq birinci sinfi bitirib, 90 732 uşaq məktəbəhazırlıq qruplarında təhsil alıb.