Cari ildə xarici kvalifikasiyaların tanınması ilə bağlı 2 min 138 müraciət üzrə ekspertiza həyata keçirilib. Ekspertiza nəticəsində 1 min 780 müraciət müsbət rəy alıb və müraciət edənlərə xaricdə əldə etdikləri kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim olunub. Digər 358 müraciət üzrə isə mənfi rəy verilib və həmin şəxslərin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması barədə qərar qəbul edilib.
“Tehsil365” xəbər verir ki, xarici kvalifikasiyaların tanınması ilə bağlı ən çox müraciət olunan ölkələr sırasında Türkiyə Respublikası (644), Rusiya Federasiyası (522), Ukrayna (407), Birləşmiş Krallıq (108) və Gürcüstan (101) yer alır.
Ən çox müraciət olunan ali təhsil müəssisələri isə İstanbul Universiteti (65), Xarkov Milli Daxili İşlər Universiteti (37), Tbilisi Humanitar Tədris Universiteti (34), Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti (32) və Ukrayna Milli Mülki Müdafiə Universitetidir (30).
Xarici kvalifikasiyaların tanınması üzrə müraciətlərin əksəriyyəti hüquqşünaslıq, biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə və menecment ixtisasları üzrə olub.