Azərbaycan ali təhsil müəssisələrinin “Quacquarelli Symonds (QS)” və “Times Higher Education (THE)” beynəlxalq reytinq cədvəllərində təmsil olunma göstəriciləri açıqlanıb.
QS 2026 Dünya Universitetlərinin Reytinqi
Ölkə tarixində ilk dəfə 6 universitetimiz dünyanın ən yaxşı universitetləri sırasında TOP 1000-likdə qərarlaşıb. Ümumilikdə isə Azərbaycanın 9 ali təhsil müəssisəsi “QS 2026” qlobal reytinqinə daxil olub. Onlardan 3-ü mövqeyini ötən ilə nisbətən əhəmiyyətli dərəcədə gücləndirib, 6 universitet isə ilk dəfə bu siyahıda yer alıb.
“Tehsil365” xəbər verir ki, Bakı Dövlət Universiteti ən yüksək nəticə göstərərək 300 pilləyə yaxın irəliləyişlə 688-ci mövqeyə yüksəlib. Azərbaycan Dövlət İqtisad Universiteti (801–850) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (851–900) mövqeləri də əhəmiyyətli dərəcədə yaxşılaşıb.
İlk dəfə olaraq Azərbaycan Texniki Universiteti (851–900), Bakı Mühəndislik Universiteti (901–950) və Xəzər Universiteti (951–1000) TOP 1000 universitet sırasına daxil olub. Azərbaycan Memarlıq və İnşaat Universiteti (1001–1200), Sumqayıt Dövlət Universiteti (1001–1200) və ADA Universiteti (1201–1400) isə qlobal reytinqdə ilk dəfə yer alıb.
THE 2025 Dünya Universitetlərinin Reytinqi
“Times Higher Education” (THE) beynəlxalq reytinqində isə Azərbaycan 2 ali təhsil müəssisəsi ilə təmsil olunub. Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “1501+” kateqoriyasında qərarlaşıb.