İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a qeydiyyat davam edir.
“Tehsil365” xəbər verir ki, aprel ayından başlayan “Milli Proqram” çərçivəsində indiyədək 30 minə yaxın vətəndaş “Coursera” onlayn təhsil platformasında 150 minə yaxın təlimdən ödənişsiz yararlanıb. Vətəndaşlar 50 min təlimi uğurla başa vuraraq beynəlxalq sertifikatlar əldə ediblər.
İstifadəçilər daha çox süni intellekt və data elmi sahəsi üzrə təlimlərə müraciət ediblər. Eyni zamanda, layihələrin idarə olunması, yumşaq bacarıqlar, kibertəhlükəsizlik, biznes, məntiq və riyaziyyat sahələri üzrə təlimlərə də müraciətlərin sayı artıb.
Proqram çərçivəsində spesifik sahələr üzrə kursları bitirən 760 nəfərə “Rəqəmsal nişan” (Digital badge) verilib. Bu nişan “Coursera” platformasında tövsiyə edilən 38 istiqamət üzrə ən azı 3 və ya 4 kursu bitirmiş şəxslərə təqdim edilir.“Milli Proqram” çərçivəsində 4SİM-in təşkilatçılığı ilə yerli ali təhsil müəssisələri və şirkətlər avqust ayından etibarən “Coursera” platformasında öz təlim və kurslarını yerləşdirməyə başlayıblar. Sumqayıt Dövlət Universiteti və “Safavy” onlayn təhsil platforması “Course Builder” aləti vasitəsilə artıq 20-dən çox təlimi “Coursera” platformasına inteqrasiya ediblər. Azərbaycan dilində təqdim edilən bu proqramlar yerli istifadəçilər tərəfindən maraqla qarşılanıb və artıq mindən çox istifadəçi bu təlimlərdən faydalanıb.
Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az saytında qeydiyyatdan keçərək bu imkandan yararlana bilirlər.
Proqram SOCAR, “Paşa Holdinq”, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir.