İnsanlar əsrlər boyu quşlar kimi uça bilməyin yollarını axtarıblar. Leonardo da Vinçi XV əsrdə uçan maşın layihələri hazırlasa da, texniki imkanların məhdudluğu səbəbilə bunlar yalnız kağız üzərində qaldı. XIX əsrdə alman mühəndis Otto Liliental planerlə uğurlu uçuşlar etsə də, mühərrikli uçuş mümkün olmadı. Nəhayət, 1903-cü ilin 17 dekabrında ABŞ-ın Şimali Karolina ştatında qardaşlar Orvill və Uilbur Rayt tərəfindən inşa edilən “Flyer” adlı aparat havaya qalxdı. Orvill Rayt 12 saniyə ərzində 37 metr məsafə qət etdi. Həmin gün Uilbur Rayt da uçaraq 59 saniyədə 260 metr məsafəni geridə qoydu. Bu hadisə müasir aviasiyanın başlanğıcı hesab olunur.
“Tehsil365”in araşdırmasına görə, Rayt qardaşlarının uğuru qısa müddətdə bütün dünyada maraq doğurdu. 1909-cu ildə fransız aviasiya öncüsü Luis Blerio La-Manş boğazını təyyarə ilə keçərək böyük səs-küy yaratdı. 1914-cü ildə ABŞ-da ilk kommersiya sərnişin reysi həyata keçirildi. Pilot Toni Jannus Tampa ilə Sent-Pitersburq arasında uçuş edərək mülki aviasiyanın əsasını qoydu. Birinci Dünya Müharibəsi illərində təyyarələr hərbi məqsədlər üçün istifadə olunmağa başladı və aviasiya texnologiyası sürətlə inkişaf etdi.
Aviasiya tarixində ilk qəzalar da Rayt qardaşlarının dövründə qeydə alınıb. 1908-ci ildə ABŞ ordusu üçün keçirilən sınaq uçuşunda təyyarə qəzaya uğradı və sərnişin leytenant Tomas Selfric həlak oldu. Bu hadisə aviasiya tarixində ilk ölümcül qəza kimi yadda qaldı. 1920–1930-cu illərdə texnologiyanın hələ tam formalaşmaması səbəbindən qəza halları çox olsa da, hər bir faciə yeni təhlükəsizlik standartlarının tətbiqinə gətirib çıxardı.
Qadınlar da aviasiyanın inkişafında mühüm rol oynayıblar. 1910-cu ildə fransız Raymonde de Laroche pilot lisenziyası alan ilk qadın oldu. 1932-ci ildə isə amerikalı Amelia Earhart Atlantik okeanını təkbaşına keçən ilk qadın pilot kimi tarixə düşdü. Onların uğurları aviasiyanın yalnız kişilərə aid bir sahə olmadığını göstərdi.
İkinci Dünya Müharibəsi illərində reaktiv mühərriklərin yaradılması aviasiyanın yeni mərhələyə qədəm qoymasına səbəb oldu. Müharibədən sonra mülki aviasiya sürətlə inkişaf etdi və 1920–1930-cu illərdə başlayan “qızıl dövr” 1950–1960-cı illərdə daha geniş miqyas aldı. XX əsrin ortalarında “Concorde” sərnişin təyyarələri səsdən sürətli uçuşları gerçəkləşdirdi. XXI əsrdə isə “Boeing” və “Airbus” kimi nəhəng şirkətlərin istehsal etdiyi təyyarələr yüzlərlə sərnişin daşıya bilir.
Müasir dövrdə hava nəqliyyatı ən təhlükəsiz nəqliyyat vasitələrindən biri hesab olunur. Bununla yanaşı, aviasiyada ekoloji məsələlər də ön plana çıxıb. Hazırda elektrik və hidrogenlə işləyən ekoloji təmiz təyyarələrin hazırlanması istiqamətində ciddi araşdırmalar aparılır.
Nəticə olaraq, insanlığın əsrlərlə arzuladığı uçuş xəyalı Rayt qardaşlarının ixtirası ilə reallığa çevrildi. İlk təcrübələrdən bu günədək hər bir uğur və hər bir qəza aviasiyanın inkişafına təkan verdi. Təyyarələr artıq təkcə hərbi və kommersiya məqsədlərinə deyil, həm də xalqları birləşdirən, dünyanı kiçildən bir vasitəyə çevrilib.