Şəki–Zaqatala regional təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ikinci iş yeri üzrə müddətli əmək müqaviləsi ilə çalışmaq istəyən müəllimlər üçün qeydiyyata start verilib.
Şəki–Zaqatala regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, qaydalarına görə, namizədlər hazırda ümumi təhsil müəssisəsində müddətsiz müqavilə ilə çalışmalı, dərs yükü 18 saatdan az olmalı və seçiləcək vakansiya ilə birlikdə ümumi dərs yükü 24 saatı keçməməlidir. Bir vakant yerə birdən artıq müraciət olduqda, üstünlük daha yüksək nəticə göstərmiş müəllimə veriləcək.
Qeyd olunub ki, həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblərdə çalışan müəllimlərin digər məktəblərdə ikinci iş yeri seçməsi mümkün deyil. Namizədlər yalnız bir vakant yer seçə bilərlər.
Müraciət etmək istəyən müəllimlər müvafiq rayon təhsil sektoruna müraciət etməlidirlər.