Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2025/2026-cı tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanında 550-700 aralıqda bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olunmuş rayon məktəblərinin məzunları ilə görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, bu barədə Beyləqan Rayon İcra Hakimiyyəti paylaşım edib.
Paylaşımda bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi, ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.
Açılış nitqi ilə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov məzunları təbrik edərək əldə olunan uğurları dövlətin həyata keçirdiyi təhsil siyasətinin nəticəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, artıq ikinci dəfədir ki, rayonun yüksək bal toplayan məzunları ilə belə bir görüş təşkil olunur və bu ənənənin davamı təhsilə verilən önəmin göstəricisidir.
RİH başçısı bildirib ki, Prezident İlham Əliyev təhsilin inkişafına hər zaman xüsusi diqqət yetirir. Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə müxtəlif bölgələrdə yeni məktəblərin inşası, işğaldan azad olunmuş ərazilərdə müasir təhsil müəssisələrinin istifadəyə verilməsi gənclərin təhsili üçün geniş imkanlar yaradıb.
Əziz Əzizov həmçinin vurğulayıb ki, təltif edilənlər sırasında şəhid övladlarının olması xüsusi qürur doğurur.
Tədbirdə məzunlara Beyləqan RİH başçısının Fəxri Fərmanları, qiymətli hədiyyələr və pul mükafatları təqdim olunub.
Məzunlarla görüşdə imtahanlarda yüksək bal toplamış şagirdlər və onların valideynləri də dövlətin təhsilə göstərdiyi diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.
Sonda rayon Mədəniyyət Mərkəzi tərəfindən konsert proqramı təqdim olunub.