Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində tarixi Zəfərimizin 5-ci ildönümünə həsr olunan “Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsinə start verilib.
“Tehsil365” xəbər verir ki, düşərgənin ilk günündə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini yad ediblər. Daha sonra Quba Olimpiya və İdman Kompleksində açılış mərasimi keçirilib, Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Açılışdan sonra iştirakçılara düşərgə proqramı haqqında ətraflı məlumat verilib, gənclər təlimatlandırılıb, həmçinin onlar üçün müxtəlif şəbəkələşmə və idman oyunları təşkil olunub.
Düşərgə 80 nəfər gəncin iştirakı ilə 5 gün davam edəcək. Proqram çərçivəsində Vətən müharibəsi qaziləri ilə görüşlər, karyera planlaması, şəxsi inkişaf yönümlü təlim və seminarlar, peşəkarlarla görüşlər, yaradıcı master-klaslar, intellektual yarışlar, komanda quruculuğu oyunları, həmçinin gənclərin müxtəlif ideya və layihə təkliflərinin müzakirəsi keçiriləcək.