Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ali təhsil ocağının “Türkiyə Bursları” proqramı çərçivəsində beynəlxalq təqaüd imkanı qazanan tələbələri ilə görüşüb.
Naxçıvan Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, 11 tələbənin 2025–2026-cı tədris ilinin ilk semestrində Türkiyənin nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanması yalnız fərdi bilik və bacarıqların göstəricisi deyil, həm də universitetin beynəlmiləlləşmə istiqamətində həyata keçirdiyi işlərin nəticəsidir. Onun sözlərinə görə, tələbələrin beynəlxalq təhsil mühitinə çıxışı NDU üçün həm akademik, həm də strateji baxımdan əhəmiyyətlidir.
Görüşdə tələbələr də onlara göstərilən etimada görə təşəkkürlərini bildirib, beynəlxalq təcrübənin gələcək karyeralarında mühüm rol oynayacağını vurğulayıblar.
Qeyd olunub ki, akademik göstəricilərinə görə seçilən 11 tələbədən 10-u Hacettepe Universitetində, 1-i isə İstanbul Universiteti – Cerrahpaşada təhsil alacaq.
Türkiyə uzun illərdir dünyanın müxtəlif ölkələrindən gələn tələbə və tədqiqatçılara təqaüd imkanları təqdim edir. 2012-ci ildən “Türkiyə Bursları” adı ilə tanınan proqram Yurtdışı Türklər və Akraba Topluluklar Başkanlığının (YTB) koordinatorluğu ilə həyata keçirilir və bir sıra dövlət qurumlarının dəstəyi ilə icra olunur.