Naxçıvan Dövlət Universitetində beynəlxalq əməkdaşlıq çərçivəsində yeni akademik addım atılıb.
Naxçıvan Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, 2025–2026-cı tədris ilində İqtisadiyyat və idarəetmə fakültəsində dərsləri Türkiyənin nüfuzlu ali təhsil müəssisələrində fəaliyyət göstərən professor və dosentlər tədris edəcəklər.
Yeni tədris ilində fakültədə İstanbul Universitetindən professorlar Halim Kazan, Rasim Özcan, Mehmet Saraç, Mahmut Hızıroğlu, Selahattin Karabınar və Aslı Beyhan Acar, həmçinin Gaziantep Universitetindən professor İbrahim Giritlioğlu tələbələrə dərs deyəcəklər.
Bundan başqa, İstanbul Universitetindən dosentlər Ebubekir Mollaahmetoğlu, Muhammet Enes Kayağil, Muharrem Hilmi Özçev və Ali Özgür Karagülle, Düzcə Universitetindən dosent Özkan Şahin, eləcə də Osman Akgül də NDU tələbələri ilə biliklərini bölüşəcəklər.
Universitet rəhbərliyi bildirir ki, xarici professorların cəlb edilməsi tələbələrin beynəlxalq akademik təcrübə qazanmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə və fakültənin beynəlxalq səviyyədə nüfuzunun artırılmasına xidmət edir.
Bu təşəbbüs NDU-da beynəlmiləlləşmə prosesinin davamlı inkişafının bariz nümunəsi kimi qiymətləndirilir.