Sentyabrın 4–9 tarixlərində Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində Azərbaycan və Türkiyə Gənclər və İdman Nazirliklərinin təşkilatçılığı ilə “Düşərgə liderləri” adlı təlim düşərgəsi keçirilib.
Qobustan gənclər evindən “Tehsil365”ə məlumat verilib ki, tədbirdə ölkənin müxtəlif regionlarını təmsil edən 80 gənc iştirak edib.
Təlimlər Türkiyədən dəvət olunmuş peşəkar mütəxəssislər tərəfindən aparılıb. Düşərgənin açılışında gənclər və idman nazirinin müavini İndira Hacıyeva iştirakçılarla görüşərək tədbirin əhəmiyyətini vurğulayıb.
Beş gün davam edən proqram çərçivəsində iştirakçılar nəzəri biliklərə yiyələnməklə yanaşı, praktiki tapşırıqlar vasitəsilə liderlik bacarıqlarını inkişaf etdiriblər. Təlimlər təqdimatlar və interaktiv sessiyalar formatında təşkil olunub.
Düşərgə proqramına liderlik və şəxsi inkişaf, mədəni və idman fəaliyyətləri, eləcə də bilik və təcrübə mübadiləsi üçün məşğələlər daxil olub. Təlim proqramının ikinci hissəsi 19–26 sentyabr tarixlərində Türkiyədə keçiriləcək.
Təlimdə Qobustan Gənclər Evinin metodisti Şövqi Soltan da iştirak edib.