Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü Raziyə Kamilqızının təşkilatçılığı ilə Sabunçu Gənclər Evində şəhid Ramil Rəhimovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə, ictimai birliklərin nümayəndələri, Abşeron Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin döyüş yoldaşları, vətənpərvər məktəblilər, ictimaiyyət nümayəndələri və “Tehsil365” İnformasiya Agentliyi nümayəndələri iştirak ediblər.
Çıxış edən natiqlər Ramil Rəhimovun həyat və döyüş yolundan danışaraq onun igidlik nümunəsindən söz açıblar. Qeyd olunub ki, 1992-ci il yanvarın 1-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olan Ramil Rəhimov orta məktəbdə savadı və intizamı ilə fərqlənib. Sonradan Bakı Dövlət Sosial-İqtisad Kollecində təhsil alıb, ardınca isə həqiqi hərbi xidmətini nümunəvi əsgər kimi başa vurub. Vətənə və bayrağa olan sevgisi onu müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirməyə sövq edib.
Ramil Rəhimov 2023-cü il sentyabrın 20-də Ağdərə rayonunun Sırxəvənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Onun xatirəsi ailəsi, yaxınları və döyüş yoldaşları tərəfindən daim böyük ehtiramla yad olunur.
Şəhidin göstərdiyi şücaətə görə Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə o, “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Tədbirdə vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya təqdim olunub, şəhidin xatirəsinə ehtiram əlaməti olaraq çıxışlar səsləndirilib.