Dünyanın ən nüfuzlu proqramlaşdırma yarışlarından biri olan 49-cu Beynəlxalq Proqramlaşdırma üzrə Universitetlərarası Çempionatın (ICPC) Dünya Finalı ilk dəfə olaraq Bakıda keçirilib. Tədbir uğurla yekunlaşıb.
“Tehsil365” xəbər verir ki, möhtəşəm yarış “ICPC Foundation” təşkilatçılığı, ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “ICPC Azərbaycan” icmasının əməkdaşlığı və PAŞA Holding-in dəstəyi ilə təşkil olunub.
70 ölkədən 140 universitetin komandası proqramlaşdırma sahəsində bilik və bacarıqlarını nümayiş etdirib. Nəticələrə əsasən, 2025-ci ilin Dünya Çempionatı Sankt-Peterburq Dövlət Universitetində keçiriləcək.
Yarışın qalibləri aşağıdakılardır:
Qızıl medal – Tokio Universiteti, Pekin Jiatong Universiteti, Sinxua Universiteti.
Gümüş medal – Pekin Universiteti, Harvard Universiteti, Zaqreb Universiteti, Massaçusets Texnologiya İnstitutu.
Bürünc medal – Çin Elm və Texnologiya Universiteti, Seul Universiteti, Novi Sad Universiteti, Saratov Dövlət Universiteti.
Azərbaycan isə bu yarışın finalında ilk dəfə iki universitet – ADA Universiteti və Bakı Ali Neft Məktəbi ilə təmsil olunub. Komandalar final mərhələsində müvafiq olaraq 101-ci və 127-ci yerləri tutub. Hər iki komanda 5 məsələni uğurla həll edərək Fəxri fərqlənmə diplomuna layiq görülüb.
Final mərasimində çıxış edən ICPC rəhbərləri və tərəfdaş qurumların nümayəndələri tədbirin yüksək səviyyədə təşkilindən məmnunluqlarını bildiriblər.