Bu il xalq yazıçısı və tanınmış kinorejissor Magsud İbrahimbeyovun (1935–2016) 90 illiyi qeyd olunur. Prezident İlham Əliyev 13 fevral 2025-ci il tarixində yazıçının 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
“Tehsil365” xəbər verir ki, sərəncamın icrası çərçivəsində ölkəmizdə müxtəlif tədbir və layihələr həyata keçirilir. Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Film Agentliyi, Azərbaycan Dövlət Film Fondu və Magsud İbrahimbeyov Yaradıcılıq Mərkəzi tərəfindən təşkil olunan tədbirlər çərçivəsində yazıçının senarist olduğu filmlərə retrospektiv baxış keçirilib.
Tədbir 10 sentyabrda Nizami Kino Mərkəzində başlayıb. Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev giriş nitqi ilə Magsud İbrahimbeyovun kino yaradıcılığı haqqında danışıb. Daha sonra Xalq Yazıçısı Natiq Rəsulzadə, Əməkdar jurnalist Nadejda İsmayılova, Əməkdar incəsənət xadimi Ayaz Salayev və digər qonaqlar yazıçının Azərbaycan ədəbiyyatı və mədəniyyətinə verdiyi töhfələrdən söz açıblar.
Yaradıcılıq Mərkəzinin rəhbəri, yazıçının həyat yoldaşı Anna İbrahimbeyova layihənin təşkilinə dəstək olan bütün qurumlara və iştirakçılara təşəkkür edib.
Tədbirin sonunda tamaşaçılar “Bizim Cəbiş müəllim” (rejissor Həsən Seyidbəyli, 1969) filmini izləyiblər. Retrospektiv baxış 13 sentyabra qədər davam edəcək və “Uşaqlığın Son Gecəsi” (1968), “Truskavetsə Kim Gedəcək?” (1977, rus dilində) və “Dəniz” (sənədli, 1965) filmləri nümayiş olunacaq.