Sentyabrın 11-də Salyan rayonunda müsabiqə və olimpiada qaliblərinin, həmçinin ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərən məzunların mükafatlandırılma mərasimi keçirilib.
Şirvan-Salyan regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, tədbir Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı və Elm və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rayon komitələrinin dəstəyi ilə baş tutub.
Mərasim Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Çıxış edən Təhsil İdarəsinin müdiri Rəşad Musayev region üzrə ümumi təhsil müəssisələrinin 2024/2025-ci tədris ilində qazandığı uğurlardan danışıb, yüksək nəticə göstərən şagirdləri, onların müəllimlərini və valideynlərini təbrik edib. Digər çıxışçılar da qaliblərin nailiyyətlərini yüksək qiymətləndirərək təhsil sahəsinə göstərilən diqqət və qayğını vurğulayıblar.
Mərasimdə müxtəlif olimpiada və müsabiqələrin qaliblərinə, eləcə də ali məktəblərə qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən məzunlara hədiyyələr təqdim olunub. Müəllimlər isə “Fəxri Fərman”la təltif ediliblər.