15 sentyabr – Bilik Günü münasibətilə Abşeron rayonunda təntənəli tədbir təşkil olunub.
Abşeron-Xızı regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. İştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri düzüblər.
Abşeron-Xızı regional təhsil idarəsinin müdiri İlhamə Abdullayeva çıxışında yeni dərs ili münasibətilə bütün təhsil işçilərini, şagirdləri və ali məktəbə qəbul olmuş məzunları təbrik edib, Abşeronda təhsil nəticələrinin ildən-ilə yüksəldiyini və təhsil müəssisələrinin imkanlarının gücləndirildiyini vurğulayıb.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev də şəhid övladlarını və yüksək bal toplayan gəncləri təbrik edərək, təhsil sahəsinin dövlətin əsas prioritetlərindən olduğunu qeyd edib.
Tədbirdə şəhid ailələri, müəllimlər və məzunlar çıxış edərək təhsil və vətənpərvərlik tərbiyəsinin bir-birindən ayrılmaz olduğunu bildiriblər. Sonda ali məktəblərə qəbul olmuş şəhid övladlarına və yüksək bal toplamış abituriyentlərə hədiyyələr təqdim olunub.