Salyan rayonunda müsabiqə və olimpiada qalibləri, eyni zamanda ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərmiş məzunlar üçün mükafatlandırılma mərasimi keçirilib.
Şirvan-Salyan regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, tədbir Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı və Elm və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rayon komitələrinin dəstəyi ilə həyata keçirilib.
Mərasimdə regionun ümumi təhsil müəssisələrində 2024/2025-ci tədris ilində Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası, Respublika fənn müsabiqələri, "Ən yaxşı təqdimat" müsabiqəsi, Beynəlxalq STEAM Azərbaycan festivalı və "Sabahın alimləri" XIV Respublika Layihə Müsabiqəsində uğur qazanan şagirdlər və məzunlar, onların müəllimləri, eləcə də ali məktəb qəbulunda 600 baldan yüksək nəticə göstərən məzunlar iştirak edib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və ölkənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.
Çıxış edən Təhsil İdarəsinin müdiri Rəşad Musayev regional təhsil müəssisələrində şagird və məzunların əldə etdiyi nailiyyətlərdən danışaraq, onlara və müəllimlərinə uğurlar arzulayıb.
Mərasimdə qaliblərə hədiyyələr təqdim olunub, müəllimlər isə "Fəxri Fərman"la təltif ediliblər.