Bu il 4500-ə yaxın müəllim işə qəbul edilib. Onların orta yaşı 28-dir. Müəllimlərin əksəriyyəti gənclərdir.
“Tehsil365” Azedu-ya istinadən xəbər verir ki, Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədovun sözlərinə görə, son illərdə bu prosesdə gənclərin üstünlüyü nəzərə çarpacaq dərəcədə artıb və bu da təhsil sistemində yeni keyfiyyət mərhələsinə keçidin göstəricisidir:
Statistikaya nəzər saldıqda, son beş ildə MİQ imtahanında uğur qazananların yaş dinamikası ciddi şəkildə dəyişib. 2018-ci ildə işə qəbul olunan müəllimlərin orta yaşı 32 idi, 2020-ci ildə bu göstərici 30-a düşdü, 2024-cü ildə isə artıq 28-ə enib. Bu, bir tərəfdən pedaqoji ixtisaslara qəbul balının yüksəlməsi, digər tərəfdən isə gənclərin müəllimlik peşəsinə marağının artması ilə bağlıdır.
2022-ci ildən etibarən sertifikasiya nəticələrinə görə maaş artımları, əlavə güzəştlər və sosial təminat tədbirləri gəncləri bu sahəyə daha çox cəlb edib.
Müsbət tərəfi ondan ibarətdir ki, gənc müəllimlər müasir kurikulum, yeni dərsliklər və rəqəmsal təhsil texnologiyaları ilə universitet illərindən tanışdırlar.
Mənfi tərəflər isə müəllimlikdə təcrübə məsələsilə bağlıdır. Yaşı az olan müəllimlərin bilikləri güclü olsa da, sinifdə təcrübələri yetərli olmaya bilər. Bu səbəbdən onların davamlı metodiki dəstəyə ehtiyacı var.