"Son 7-8 ildə Azərbaycanda birinci sinfə gedən uşaqların sayı kəskin azalıb".
“Tehsil365” xəbər verir ki, bunu Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov bildirib.
Onun sözlərinə görə, 2017–2018-ci tədris ilində 164 min 523 uşaq məktəbə qədəm qoyubsa, 2023–2024-cü ildə bu rəqəm 132 min 261-ə enib:
"Bu il cəmi 130 min uşaq birinci sinfə gedəcək. Yəni 7 ildə 32 mindən çox, təxminən 20 faizlik azalma müşahidə olunub. Bu tendensiya ölkədə demoqrafik böhranın göstəricisidir".
Ekspert, həmçinin qeyd edib ki, bu səbəbə görə, əmək bazarında gənc işçi qüvvəsinin çatışmazlığı yaranacaq:
"Məktəblər və təhsil infrastrukturu boşalacaq, əhalinin yaşlanması sürətlənəcək, sosial təminat və səhiyyə sistemi daha çox yüklənəcək, iqtisadi inkişaf və innovasiya potensialı zəifləyəcək. Vəziyyətin həlli üçün ailələrə sosial dəstəyin artırılması, doğum səviyyəsinin stimullaşdırılması, miqrasiya siyasətinin yenidən nəzərdən keçirilməsi vacibdir", - K.Əsədov əlavə edib.