Sentyabrın 7-dən 12-dək Gənclər və İdman Nazirliyinin dəstəyi və Bakı Caz Festivalının təşkilatçılığı ilə Quba şəhərində növbəti “I Am Jazzman” caz düşərgəsi baş tutub. Məktəblilər və tələbələr arasında gənc caz ifaçılarını bir araya gətirən layihə artıq dördüncü dəfə təşkil olunub. İlk üç düşərgə isə Qax, Qazax və Lənkəranda keçirilib.
“Tehsil365” xəbər verir ki, düşərgənin proqramına idman məşğələləri, seminarlar, ustad dərsləri, intellektual və idman oyunları, həmçinin caz dərsləri daxil edilib. Gənclərə dərs deyən müəllimlər arasında Azərbaycan estrada musiqisinin tanınmış ustadı Qasım Xəlilov, vokal üzrə Diana Hacıyeva, instrumental ifaçılar üçün isə Nurlan Hüseynzadə və Əli Nasib yer alıblar.
Düşərgənin sonunda iştirakçılar xüsusi konsert proqramı hazırlayaraq Quba şəhərinin sakinlərinə təqdim ediblər. Konsertdə 16 kompozisiya səsləndirilib və bütün iştirakçılar səhnədə birgə çıxış ediblər.