15 sentyabr – Bilik Günü münasibətilə Abşeron rayonu Hökməli qəsəbəsində yeni inşa olunmuş tam orta ümumtəhsil məktəbinin açılış mərasimi keçirilib.
Abşeron-Xızı regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini İdris İsayev, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və “NEQSOL Holding Azərbaycan”ın rəhbəri İmran Əhmədzadə iştirak ediblər.
Çıxış edən nazir müavini İdris İsayev ölkə başçısının təhsilə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq son illərdə yüzlərlə müasir məktəbin istifadəyə verildiyini diqqətə çatdırıb və Hökməli məktəbinin şagirdlərə geniş imkanlar yaradacağını bildirib.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev təhsil infrastrukturunun sürətlə inkişaf etdiyini vurğulayaraq yeni məktəbin istifadəyə verilməsinin tədris şəraitinin yaxşılaşmasına mühüm töhfə verəcəyini qeyd edib.
“NEQSOL Holding Azərbaycan”ın rəhbəri İmran Əhmədzadə isə təhsilin tərəqqinin əsası olduğunu qeyd edib, müəllimlərin əməyini yüksək qiymətləndirərək şagirdlərə uğurlar arzulayıb.
Müasir standartlara uyğun inşa edilən məktəb binası 1 200-dən çox şagird yerlikdir. Təhsil ocağında laboratoriyalar, İKT kabinetləri, kitabxana, idman zalları, açıq idman meydançaları və inklüziv təhsil üçün xüsusi otaqlar yaradılıb. Yeni məktəb bölgədə şagird sıxlığının azaldılmasına və tədrisin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək.