Sentyabrın 12-də Ağcabədi rayonunda iki yeni məktəb binasının açılış mərasimi keçirilib.
“Tehsil365” məlumatına əsasən, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, millət vəkili Tahir Rzayev, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, rayon təhsil şöbəsinin müdiri İsmayıl Həsənov, pedaqoji kollektiv, şagirdlər və ictimaiyyət nümayəndələri mərasimdə iştirak ediblər.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva yeni məktəblərin istifadəyə verilməsi münasibətilə müəllim, şagird və valideynləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb. O, təhsilə göstərilən dövlət qayğısından, həyata keçirilən islahatlardan və əldə olunan uğurlardan söz açıb.
Millət vəkili Tahir Rzayev çıxışında təhsil infrastrukturunun yenilənməsinin əhəmiyyətini vurğulayıb, rayon icra başçısı Şahin Məmmədov isə “Bilik günü” münasibətilə müəllim və şagirdləri təbrik edib.
Yeni istifadəyə verilən H.Məmmədov adına Qaradolaq kənd tam orta məktəbi 264 şagird yerlikdir. Burada 13 sinif otağı, 3 laboratoriya, akt zalı, kitabxana, oxu zalı, informatika kabineti, idman zalı və digər tədris otaqları mövcuddur.
Əlfi Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbi isə 432 şagird yerlikdir. Məktəbdə 17 sinif otağı, 3 laboratoriya, fənn kabinetləri, akt zalı, kitabxana, yeməkxana, idman zalı, kompüter və linqafon otaqları ilə yanaşı məktəbəhazırlıq qrupu üçün otaq da fəaliyyət göstərəcək.
Açılışdan sonra tədbir iştirakçıları yeni tədris ocaqlarında yaradılan şəraitlə tanış olublar.