Məktəblərdə şagirdlər üçün nəzərdə tutulan iş dəftərlərinin yalnız müəllimlərin vasitəsilə əldə olunması kimi bir “qayda” tətbiq edilir.
“Tehsil365” bunu MİQ Portal-a istinadən xəbər verir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, dövlət ümumi təhsil pilləsi üçün dərsliklər və dərsliklərlə komplekt təşkil edən müəllim üçün metodik vəsaitlərin hazırlanması Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq nəşriyyatlara sifariş edilir. Dərsliyin yaradıcısı olan nəşriyyatlar dərsliyə uyğun iş dəftərləri hazırlaya bilər. Lakin dövlət ümumi təhsil müəssisələrində hər hansı əlavə tədris resursunun istifadəsi yalnız valideynin (və ya qanuni nümayəndənin) razılığı ilə həyata keçirilə bilər.
Agentlikdən verilən açıqlamada o da qeyd edilib ki, ümumi təhsil fənləri üzrə təhsil proqramlarında (kurikulumlarda) qoyulan tələblərin və məzmun standartlarının ödənilməsi üçün hazırda dövlət ümumi təhsil müəssisələrində istifadədə olan dərsliklər kifayət edir: “İş dəftərlərinin alınması könüllü olmalı və heç bir halda məcburi xarakter daşımamalıdır”.