Müasir kampus konsepsiyasına uyğun şəkildə əsaslı təmir edilən və 7 yaşayış tipli binadan ibarət olan yeni yataqxana kompleksi Qarabağ Universitetinin tələbələrinin istifadəsinə verilib.
“Tehsil365” xəbər verir ki, kompleksdə tələbələrin rahat yaşayışı üçün zəruri şərait yaradılıb. Ümumilikdə 312 mənzil tələbələrin ehtiyaclarına uyğun avadanlıqlarla təmin olunub. Ümumi mənzil sahəsi 30 min kvadratmetr olan yataqxana kompleksində 1700 tələbənin yerləşməsi nəzərdə tutulur.
Qeyd edək ki, ötən il istifadəyə verilmiş digər tələbə yataqxanası 6 yaşayış tipli binadan ibarətdir.
Bu layihə Qarabağ Universitetinin inkişafı, tələbələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması və Xankəndi şəhərinin təhsil infrastrukturunun gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.