Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “PeşəFest-2025” festivalına Astarada start verilib.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirliyin məlumatına görə, “Peşə öyrən, gələcəyini qur!” devizi ilə keçirilən festival gənclərin peşə seçiminə dəstək olmaq məqsədi daşıyır. Tədbirdə dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
DMA rəhbəri Sadiq Əliyev bildirib ki, layihə ölkənin 11 iqtisadi rayonunu əhatə edir və gənclərə müxtəlif peşələr barədə bilik və praktiki təsəvvür qazandırır. Deputatlar Rəşad Mahmudov və Vasif Qafarov da festivalın gənclərin karyera yolunda əhəmiyyətini vurğulayıblar.
Festivalda 14 peşə üzrə (o cümlədən kibertəhlükəsizlik, data analitika, 3D animasiya, qənnadıçılıq, turizm, baytarlıq və s.) təqdimatlar keçirilib, iştirakçılar mütəxəssislərlə ünsiyyət qurub peşə seçimi barədə faydalı məlumat alıblar.
Növbəti “PeşəFest” sentyabrın 19-da Biləsuvarda olacaq, daha sonra Tovuz, Göygöl, Ağdam, İmişli, Ağsu, Ağdaş, Qəbələ, Xaçmaz və Bakıda təşkil ediləcək.