1937-ci ildə ABŞ-da baş verən polio epidemiyası məktəblərin müvəqqəti bağlanmasına səbəb olmuşdu. Yoluxma təhlükəsi səbəbindən minlərlə şagird ənənəvi dərslərdən kənarda qalaraq təhsillərini davam etdirmək üçün yeni üsullara üz tutmuşdu.
“Tehsil365” xəbər verir ki, həmin dövrdə texnologiyanın ən əlçatan vasitəsi olan radio, təhsil prosesində mühüm rol oynamışdı. Müəllimlər xüsusi proqramlarla radioda mühazirələr oxuyur, şagirdlər isə evlərində bu dərsləri dinləyərək öyrənirdilər. Bu təcrübə, həm şagirdlərin təhsildən geri qalmamasına, həm də epidemiyanın yayılmasının qarşısının alınmasına xidmət etmişdi.
Tarixçilərin fikrincə, həmin dövr distant təhsil ideyasının ilk genişmiqyaslı tətbiqlərindən biri kimi qiymətləndirilir. Radiodərslər həm də sonrakı onilliklərdə televiziya və internet üzərindən təhsil modellərinin yaranmasına zəmin yaratmışdı.
1937-ci ildəki bu təşəbbüs, müasir onlayn təhsilin tarixi köklərindən biri kimi yadda qalıb.