1918–1920-ci illərdə dünyanı bürüyən İspan qripi müasir tarixdə ən dağıdıcı pandemiyalardan biri kimi yadda qalıb. H1N1 virusunun səbəb olduğu bu xəstəlik qısa müddətdə qlobal miqyasda yayılaraq milyonlarla insanın həyatına son qoymuşdu.
“Tehsil365”in araşdırmasına görə, həmin dövrdə dünya əhalisinin təxminən üçdə biri virusa yoluxmuşdu. Təxminən 50 milyona yaxın insanın vəfat etdiyi güman edilir ki, bu da Birinci Dünya müharibəsində həlak olanların sayından dəfələrlə çox idi.
Xəstəlik sürətlə yayıldığından səhiyyə sistemi böyük çətinliklərlə üzləşmişdi. Həkimlər müalicə üsullarında ciddi çətinlik çəkir, peyvənd və antibiotiklərin olmaması isə vəziyyəti daha da ağırlaşdırırdı. Ən çox gənc və sağlam insanların həyatını itirməsi pandemiyanı digər qrip epidemiyalarından fərqləndirirdi.
İspan qripi insanlıq üçün böyük bir dərs olmuş, sonrakı illərdə epidemiologiya elminin, peyvəndlərin və karantin tədbirlərinin inkişafında mühüm rol oynamışdır.
Mütəxəssislər hesab edir ki, 1918-ci il pandemiyası müasir dövrdə COVID-19 kimi qlobal böhranların idarə olunmasında tarixi təcrübə rolunu oynayır.