Sentyabrın 18-də Ankarada – Qazi Universitetinin Memar Kəmaləddin adına konsert sarayında Milli Musiqi Günü münasibətilə “Müsəlman Şərqinin ilk operasının müəllifi, Azərbaycan–Türk dünyası musiqisinin simvolu Üzeyir Hacıbəyli” mövzusunda konfrans, təqdimat və konsert təşkil olunub.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi, Qazi Universiteti və Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və beynəlxalq təşkilatların nümayəndələri, elm xadimləri, diplomatlar və tələbələr iştirak ediblər.
Çıxışlarda dahi bəstəkarın 140 illik yubileyinə həsr olunmuş tədbirlərin əhəmiyyəti vurğulanıb, Üzeyir Hacıbəylinin Türk dünyasının ortaq dəyəri olduğu qeyd edilib. Proqram çərçivəsində film nümayiş olunub, “Azərbaycanlı bəstəkarların piano əsərləri” kitabı təqdim edilib, həmçinin Azərbaycan və Türkiyədən sənətçilərin iştirakı ilə konsert keçirilib.