44 günlük Vətən müharibəsi Azərbaycan cəmiyyətinin bütün sahələrinə olduğu kimi, təhsil həyatına da dərin təsir göstərdi. Qələbə ilə nəticələnən müharibədən sonra məktəblərdə və universitetlərdə vətənpərvərlik mövzuları daha geniş tədris olunmağa başladı, şəhidlərin həyat yoluna dair dərslər və tədbirlər keçirildi.
“Tehsil365” xəbər verirki, müharibə dövründə bir çox şagird və tələbə ön cəbhəyə yollanan yaxınlarını dəstəkləyərək həm mənəvi, həm də psixoloji sınaqlardan keçdi. Qələbədən sonra isə təhsil müəssisələrində şəhidlərin xatirəsinə guşələr yaradıldı, onların həyat hekayələri gənc nəsil üçün nümunəyə çevrildi. Bu, təhsilin təkcə bilik ötürmək deyil, həm də milli kimliyi və vətən sevgisini gücləndirmək missiyasını bir daha ön plana çıxardı.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə yeni məktəblərin inşası, bərpa planları və təhsil infrastrukturunun qurulması gənclər üçün yeni imkanlar açır. Qarabağa qayıdan ailələrin övladları artıq öz doğma torpaqlarında təhsil almaq şansı əldə edəcəklər. Bu proses həm dövlətin gücünü, həm də Azərbaycan gəncliyinin gələcəyə inamını daha da artırır.
İctimaiyyətin fikrincə, İkinci Vətən müharibəsi təhsildə milli ruhun möhkəmlənməsinə, şagird və tələbələrin vətənə bağlılığının artmasına və gələcək nəsillərin daha məsuliyyətli yetişməsinə böyük töhfə verib.

