Bildiyimiz kimi hal-hazırda tələbələr və gənclər kiçik bir xoşagəlməz vəziyyət olan kimi motivasiyadan düşürlər. İşə başlamazdan əvvəl motivasiyanı necə formalaşdırmaq olar? Bu barədə gənclər hansı nüanslara diqqət yetirməlidrlər?
Mövzu haqqında psixoloq Səbinə Bayramova ‘’Tehsil365’’ə verdiyi açıqlamasında bildirib ki, psixologiyada motivasiya, insanın məqsədyönlü davranışlarını başlatan, istiqamətləndirən və davam etdirən daxili və ya xarici gücdür. Amerika tədqiqatçılarının irəli sürdüyü öz-özünə təyinetmə nəzəriyyəsi göstərir ki, insanlar üç əsas psixoloji ehtiyaclarını – autonomiya (öz qərarlarını vermək), kompetensiya (bacarıqlı olmaq) və əlaqə (başqaları ilə mənalı münasibət qurmaq) – təmin etdikdə daha motivasiyalı olurlar.
‘’ Gənclər və tələbələr bu ehtiyacları qarşılamadıqda, kiçik uğursuzluqlar belə, motivasiyanın azalmasına səbəb ola bilər. İşə başlamazdan əvvəl konkret və aydın məqsəd müəyyənləşdirmək vacibdir. “Nə üçün bu işi görürəm?” sualına cavab tapmaq motivasiyanı artırır. Bu struktur gənclərə aydın istiqamət verir və qeyri-müəyyənlikdən doğan motivasiya itkisini azaldır. Daxili motivasiya şəxsi maraq, həzz və mənəvi məmnunluqdan doğur. Gənclər öz dəyərlərinə uyğun fəaliyyətlərlə məşğul olduqda motivasiya daha davamlı olur. Böyük məqsədlər qorxuducu ola bilər. Onları kiçik və əldə edilə bilən mərhələlərə bölmək motivasiyanı artırır. Hər mərhələdəki uğur hissi gəncləri növbəti addıma həvəsləndirir. Özünü mükafatlandırmaq motivasiyanı gücləndirir. Xarici və daxili mükafatların balanslı istifadəsi tövsiyə olunur’’.
Psixoloq qeyd edib ki, daxili mükafat, insanın bir işi görməkdən aldığı şəxsi məmnunluq, maraq, zövq və mənəvi rahatlıqdır. Xarici mükafat işi gördükdən sonra əldə edilən maddi və ya sosial faydadır. Məsələn, yüksək qiymət almaq, müəllimdən və ya rəhbərdən tərif eşitmək, pul mükafatı qazanmaq və s. Əgər gənc yalnız mükafat almaq üçün çalışırsa, mükafat olmadıqda motivasiya sürətlə azalır. Bu, uzunmüddətli öyrənmə və inkişaf üçün təhlükəlidir. Bəzi hallarda gənclər daxili maraq hiss etmədikləri işlərlə qarşılaşa bilərlər. Bu zaman xarici mükafatlar onları təşviq edə bilər.
‘’Öz-özünə təyinetmə nəzəriyyəsinə görə, daxili motivasiya daha davamlı və psixoloji baxımdan sağlamdır. Gənclərin motivasiyasını qorumaq üçün bəzi psixoloji nüanslara diqqət yetirmək vacibdir. İlk növbədə, özünəinam motivasiyanın əsas dayağıdır. Gəncin özünə güvənməsi üçün müəllimlərin və valideynlərin dəstəyi böyük rol oynayır. Motivasiya bir işi başlamaq üçün vacib olsa da, onu davam etdirmək üçün nizam-intizam lazımdır. Gündəlik rejimə riayət etmək, məsuliyyətli olmaq və özünü idarə etməyi bacarmaq motivasiyanın uzun müddət davam etməsinə kömək edir. Sosial dəstək də motivasiyanın qorunmasında mühüm rol oynayır. Dostların, müəllimlərin və ailənin dəstəyi gəncin özünü daha güclü hiss etməsinə səbəb olur. Qrup halında işləmək və birlikdə fəaliyyət göstərmək motivasiyanı artırır’’.
Psixoloqun sözlərinə görə, motivasiya ilə bağlı çətinliklər bəzən sadə vərdiş dəyişiklikləri ilə aradan qalxsa da, bəzi hallarda psixoloji dəstək almaq zəruridir. Gənclər aşağıdakı hallarda mütləq peşəkar psixoloq ilə görüşməlidirlər:
‘’1. Əgər gənc uzun müddət heç bir işə həvəs hiss etmirsə, maraq və enerji tamamilə azalıbsa, bu hal depressiyanın və ya emosional tükənmənin əlaməti ola bilər.
2. “Mən heç nəyə yaramıram”, “mən heç nə bacarmıram” kimi düşüncələr davamlı şəkildə təkrarlanırsa, bu psixoloji müdaxilə tələb edir.
3. Kiçik səhvlər və uğursuzluqlar gəncdə güclü emosional reaksiyaya (panika, ağlama, özünü günahlandırma) səbəb olursa, bu vəziyyətin kökündə dərin psixoloji səbəblər ola bilər.
4. Əgər gənc dostlardan, ailədən və sosial mühitdən uzaqlaşırsa, bu motivasiya itkisi ilə yanaşı psixoloji narahatlığın göstəricisi ola bilər.
5. Motivasiya itkisi ilə yanaşı yuxusuzluq, həddindən artıq yuxululuq və ya iştahsızlıq müşahidə olunursa, bu hal psixoloji yardım tələb edir.
6. Gələcək barədə həddindən artıq narahatlıq, qərar verməkdə çətinlik və qeyri-müəyyənlik hissi gəncin gündəlik fəaliyyətinə maneə olursa, psixoloji dəstək vacibdir’’.
Son olaraq Səbinə xanım bildirib ki, motivasiya həyatın hər sahəsində uğurun açarıdır. Gənclər motivasiyanı formalaşdırmaq üçün sadə psixoloji üsullardan faydalana bilərlər. Lakin bəzi hallarda bu üsullar kifayət etmir və peşəkar dəstək almaq vacib olur. Psixoloji dəstək almaq zəiflik deyil, güclü və şüurlu bir addımdır.

