Bir çox universitetdə fəaliyyət göstərən bufetlərdə əsasən fast-food tipli yeməklərin üstünlük təşkil etməsi tələbələr arasında müzakirə doğurur. İmtahan sessiyası, dərs yüklərinin ağırlığı və uzun dərs günləri zamanı tələbələrin sağlam qidalanma imkanlarının məhdud olması onların həm fiziki, həm də zehni vəziyyətinə təsir göstərir.
“Tehsil365” xəbər verir ki, bir sıra gənclər universitet bufetlərində tərəvəzli salatlar, pəhriz yeməkləri və təbii içkilərin demək olar ki, tapılmadığını qeyd edirlər. Qidalanma üzrə mütəxəssislər isə bildirirlər ki, sağlam alternativlərin azlığı tələbələrin gələcəkdə piylənmə, mədə-bağırsaq problemləri və enerji çatışmazlığı ilə üzləşməsinə səbəb ola bilər.
Ekspertlərin fikrincə, universitet rəhbərlikləri tələbələrin qidalanma mədəniyyətinə diqqət yetirməli və menyulara sağlam seçimlər daxil etməlidirlər. Bu, həm gənclərin həyat keyfiyyətinə müsbət təsir edər, həm də maarifləndirici rol oynayar.