Brüsseldə təşkil olunan II Beynəlxalq Çay Festivalında 22 ölkədən 45 təşkilat milli çay məhsullarını təqdim edib. Tədbirdə Azərbaycanı Fireland Azərbaycanlılar Birliyi uğurla təmsil edib.
“Tehsil365” xəbər verir ki, Azərbaycan stendində kəklikotu, qızılgül, hil, mixək və digər dadlı çay növləri ziyarətçilərə təqdim olunub. Qonaqlar bu çayların dadına baxmaqla yanaşı, ölkəmizin zəngin çay mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanıblar.
Stenddə Azərbaycan çay süfrəsi mədəniyyəti də nümayiş etdirilib. Şəkərbura, paxlava, müxtəlif mürəbbələr, noğul və evdə bişirilmiş qəndlər festival iştirakçılarına təqdim olunub, onların hazırlanma ənənələri barədə məlumat verilib.
Azərbaycan stendi həm ziyarətçilərin böyük marağına səbəb olub, həm də təşkilatçılar tərəfindən yüksək qiymətləndirilib. Nəticədə Fireland Azərbaycanlılar Birliyi Parisdə keçiriləcək növbəti festivalda iştirak üçün dəvət alıb.
Festival Belçikadakı Azərbaycan səfirliyi və Azərbaycan icmasının dəstəyi ilə gerçəkləşib.