Cambridge Universitetinin apardığı yeni araşdırma göstərib ki, tələbələr öyrənmə prosesində əsas bacarıqlardan biri olan metakognisiya sahəsində ciddi çətinliklərlə üzləşirlər.
Metakognisiya – yəni şagird və tələbələrin öyrənmə zamanı öz biliklərini planlaşdırmaq, izləmək və qiymətləndirmək bacarığı – tədris prosesinin keyfiyyətinə birbaşa təsir göstərən amillərdən hesab olunur. Araşdırmanın nəticələrinə görə, gənclərin böyük bir qismi bu bacarığı kifayət qədər inkişaf etdirmədiyindən, öyrənməyə uzun müddət vaxt sərf etsələr də, gözlənilən nəticəyə nail ola bilmirlər.
Təhsil mütəxəssisləri bildirirlər ki, bu hal tələbələrin analitik və yaradıcı düşüncə qabiliyyətlərinin formalaşmasına da mənfi təsir göstərir. Mütəxəssislər məktəb və ali təhsil müəssisələrində şagirdlərin özünüidarəetmə və öyrənmənin qiymətləndirilməsi bacarıqlarının gücləndirilməsi üçün xüsusi proqramların tətbiqinin vacibliyini vurğulayırlar.
Cambridge-in bu sahədə apardığı tədqiqat dünya təhsil sistemində şagirdlərin və tələbələrin öyrənmə vərdişlərinin təkmilləşdirilməsi istiqamətində yeni yanaşmaların hazırlanmasına zəmin yarada bilər.

