Payızın gəlişi ilə birlikdə havada rütubətin artması, ağacların yarpaqlarının çürüməsi və müəyyən bitki növlərinin tozcuqlarının yayılması allergiya hallarının çoxalmasına səbəb olur. Xüsusən də bu dövrdə burun axıntısı, asqırma, gözlərdə sulanma və öskürək kimi şikayətlər daha çox müşahidə edilir. Həkimlərin sözlərinə görə, immun sistemi zəif olan şəxslər bu dövrdə daha diqqətli olmalıdır.
"Tehsil365" xəbər verir ki, payızda həm də hava dəyişkənliyi, qəfil soyuqlamalar və kondisioner istifadəsi insanlarda tənəffüs yollarının həssaslığını artırır. Bu da allergik reaksiyaların daha tez baş qaldırmasına şərait yaradır. Xüsusilə uşaqlar və yaşlı insanlar üçün risk daha yüksəkdir.
Mütəxəssislər vətəndaşlara havalandırması zəif olan yerlərdən uzaq durmağı, ev şəraitində tozlanmaya qarşı tədbirlər görməyi və immuniteti gücləndirən qidaları rasiona daxil etməyi tövsiyə edirlər. Həkimlər əlavə olaraq, həkim məsləhəti olmadan allergiya əleyhinə dərmanlardan istifadə etməməyi tövsiyə edirlər.