Yuxu probleminin insan sağlamlığına ciddi təsirləri ilə bağlı yeni araşdırmalar aparılıb. London Universitetinin alimləri müəyyən ediblər ki, gündəlik yuxu müddəti 6 saatdan az olan şəxslərin beyin funksiyalarında yaşla bağlı dəyişikliklər daha sürətli müşahidə olunur. Bu, yaddaş itkisi, diqqət zəifliyi və emosional stabilliyin pozulması kimi nəticələrə səbəb ola bilər.
“Tehsil365” xəbər verir ki, beynin neyron əlaqələri yuxu zamanı daha aktiv şəkildə bərpa olunur. Araşdırma göstərir ki, kifayət qədər yatmayan insanların beyin hüceyrələri arasında siqnal ötürülməsi zəifləyir və bu, beyində erkən yaşlanma prosesini sürətləndirir. Həkimlərin sözlərinə görə, yuxusuzluq həm də Alzheimer və demensiya kimi xəstəliklərin riskini artırır.
Mütəxəssislər hər bir insanın gündəlik olaraq 7-8 saat fasiləsiz yuxuya diqqət etməsini vacib hesab edir. Onların fikrincə, sağlam həyat tərzi, balanslı qidalanma və vaxtında istirahət beyni qorumağın ən güclü üsullarıdır.