Son illərdə qulaqcıqlardan istifadənin kəskin artması ilə yanaşı, mütəxəssislər eşitmə sağlamlığı ilə bağlı ciddi narahatlıqlar irəli sürürlər. Xüsusilə yüksək səsdə və uzun müddət qulaqcıqdan istifadə edən gənclərdə eşitmə zəifliyinin daha tez müşahidə olunduğu bildirilib.
"Tehsil365" xəbər verir ki, həkimlərin apardığı araşdırmalara görə, səs dalğalarının davamlı olaraq daxili qulağa təsiri qulaq pərdəsində və eşitmə sinirlərində zədələnməyə səbəb ola bilər. Bu isə zamanla eşitmə qabiliyyətinin azalmasına, eləcə də qulaqda səs-küy və baş ağrılarına yol aça bilər.
Mütəxəssislər insanlara qulaqcıqdan istifadə zamanı səsin orta səviyyədə saxlanılmasını və fasilələrlə qulaq istirahətinin təmin edilməsini tövsiyə edirlər. Həmçinin gündəlik istifadə müddətinin 1–2 saatı keçməməsi qulaq sağlamlığını qorumağın ən effektiv yollarından biri hesab olunur.