Oktyabrın 3-də “Azərbaycan Dillər Universitetinin məzunlarının professionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsi” regional konfransının Cənub və Şimal-Qərb bölgələrindən sonra növbəti – üçüncü regional konfransı (Qazax, Tovuz, Ağstafa, Şəmkir, Gədəbəy) keçirilib. Azərbaycan Dillər Universiteti (ADU) bu layihəsini üçüncü dəfə yüksək səviyyədə keçirərək, strateji inkişaf planına uyğun olaraq məzunlarını diqqətdə saxlayır.
“Tehsil365” xəbər verir ki, konfrans Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənləri Təmayüllü məktəb-liseyində təşkil edilib.
Tədbirdə çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ADU-nun bu layihəsinin aktual olduğunu qeyd edib. Bildirilib ki, konfransın Qazax rayonunda keçirilməsi həm də rayon ziyalılarına, elm adamlarına, müəllimlərə olan münasibətin bariz nümunəsidir.
Eyni zamanda, elm, mədəniyyət və incəsənət yurdu olan Qazax rayonunun tarixən alimləri, ziyalıları ilə seçildiyi, təhsilin inkişafına böyük töhfələr verdiyi diqqətə çatdırılıb.

