"Azərbaycan" qəzetində Qərbi Azərbaycan mövzusu" (sentyabr 1918 - oktyabr 1919) adlı kitabın təqdimatı olub.
"Tehsil365" xəbər verir ki, kitab ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə çap edilib.
Təqdimatda Milli Məclisin deputatı və Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun sədri Əziz Ələkbərli çıxış edərək bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra onun fəaliyyətinin işıqlandırılması üçün mətbu orqana ciddi ehtiyac var idi:
"Bu missiyanı ilk olaraq "Azərbaycan" qəzeti öz üzərinə götürdü. Qəzetdə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiası, Zəngəzur, Naxçıvan və Qarabağda Azərbaycan xalqına qarşı törədilən kütləvi qırğınlar, Ermənistan Respublikası ərazisində yaşayan azərbaycanlıların kütləvi surətdə məhv edilməsi və tarixi torpaqlarından silah gücünə qovulması haqqında çoxlu məlumatlar işıq üzü görürdü. Bugünkü kitabda da bütün o məlumatların toplusu öz əksini tapır".

