XI Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Mətbuat Şurasının hazırladığı “Əkinçidən 50 il sonra” kitabının təqdimatı keçirilib. Nəşr milli mətbuatın 150 illiyinə həsr olunub və 1875-ci ildən bu günə qədər ölkədə çap olunan qəzet və jurnallar haqqında biblioqrafik məlumatları əhatə edir.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, kitab Prezident İlham Əliyevin yubileyə dair Sərəncamına əsasən nəşr olunub. Təqdimatda Mətbuat Şurasının sədri Rəşad Məcid, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, redaktor Elşən Əliyev, professor Qulu Məhərrəmli, Akif Aşırlı və digərləri iştirak ediblər.
Rəşad Məcid kitabın əhəmiyyətini vurğulayıb, müəllif Müsəllim Həsənov isə ideyanın arxiv materiallarından qaynaqlandığını bildirib. Onun sözlərinə görə, 1925-ci ildə “Əkinçi”nin 50 illiyi münasibətilə toplanmış sənədlər əsərin əsasını təşkil edib.
Redaktor Elşən Əliyev kitab üzərində işləməyin həm çətin, həm də maraqlı olduğunu qeyd edib, nəşrin mütləq oxunmalı olduğunu bildirib.

