Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin “Aşpaz” ixtisası üzrə təhsil alan I kurs tələbələri istehsalat təlimi dərsini “Turan Qastro Turizm” Akademiyası və “Turan Park” restoranlar şəbəkəsində keçiblər.
“Tehsil365” xəbər verir ki, təlim zamanı “Turan Park” restoranlar şəbəkəsinin baş aşpazı Ramin Hacızadə tələbələrə müasir mətbəx avadanlıqları, onların düzgün istifadəsi və təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verib. O, eyni zamanda peşəkar aşpaz fəaliyyətinin əsas xüsusiyyətləri, iş intizamı və kollektiv əməkdaşlığın əhəmiyyəti barədə geniş izahlar təqdim edib.
Tədrisin praktiki mərhələsində tələbələr müxtəlif yeməklərin hazırlanmasında yaxından iştirak edərək nəzəri biliklərini təcrübədə tətbiq etmək imkanı qazanıblar. Bu proses gənc mütəxəssislərin peşə bacarıqlarının formalaşmasına və aşpazlıq sahəsində təcrübə toplamasına mühüm töhfə verib.

