ABŞ hökumətinin maliyyə böhranı səbəbindən oktyabrın 1-dən etibarən fəaliyyətinin qismən dayandırılması, səhiyyə sahəsində ciddi narahatlığa səbəb olub.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Bu vəziyyət Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) və Milli Səhiyyə İnstitutu (NIH) kimi qurumların bir çox fəaliyyətini məhdudlaşdırır.
Bu məhdudiyyətlər peyvəndlərin tədarükü, paylanması və yeni vaksin tədqiqatlarını gecikdirə bilər. Rəsmi şəxslər bildiriblər ki, yalnız “təcili tibbi xidmətlər” davam edəcək, lakin uşaqlar və yaşlılar üçün peyvənd proqramları ciddi şəkildə ləngiyə bilər.
Eyni zamanda, laboratoriya araşdırmaları, virusların yayılmasına nəzarət və peyvənd təhlükəsizliyi ilə bağlı məlumat toplanması da qismən dayandırılıb. Mütəxəssislər xəbərdarlıq edirlər ki, uzunmüddətli bağlanma ölkənin immunizasiya səviyyəsini azalda və yoluxucu xəstəliklərin artmasına səbəb ola bilər.